Son dövrlər ölkəmizdə günü-gündən vüsət alan sahələrdən biri də marketinqdir.
Marketinqin biznesdə rolu danılmazdır, bəs gəlin, görək marketinq nədir?
Marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan əvvəl və satışdan sonrakı xidmətin təşkili reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir.
Başqa sözlə, bu, buraxılan məhsulun satışı üçün əlverişli şərait yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcmini istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədilə bazar şəraitinin təhlili və proqnozlaşdırılmasıdır. Marketinqin fəlsəfəsi çox sadədir: “elə məhsul istehsal et ki, onun satışı təmin edilmiş olsun”. Yalnız belə olduqda, müəssisə bazarda özünə möhkəm yer tuta bilər və gəliri də yüksək olar.
Bu sahə yalnız satışı artırmaqla kifayətlənmir, həmçinin brend formalaşdırmaq, xüsusi kampaniyalar yaratmaq və s. işlərini də özündə cəmləşdirir.
Hazırda rəqəmsal marketinq bizneslərdə genişmiqyaslı işlər görməklə populyarlaşıb.
Marketinqin rəqəmsal yönünün bu qədər inkişaf etməsinin bir neçə səbəbi var:
- Ölçülə bilməsi. Belə ki, ənənəvi marketinqə nisbətdə rəqəmsal marketinq nəticələrini daha dəqiq ölçmək mümkündür.
- Hər kəsə çatmaq. Bilbord reklamları, flayerlər və s. üsullarla limitli sayda kütləyə çatmaq mümkün olduğu halda, Google, Facebook, Instagram və s. reklamları ilə bütün dünyada öz məhsullarınızı sata bilərsiniz.
- Mühit. Çox az insan olar ki, sosial media hesabı olmasın. Bu da o deməkdir ki, daha çox insana öz məhsul və ya xidmətiniz haqda məlumat çatdıra bilərsiniz.
Gəlin, dövrümüzün bizneslərinə nəzər salaq. Demək olar ki, bir çoxu onlayn ticarət sahəsindədirlər. Bu da öz növbəsində sahibkarları həm əlavə xərclərdən xilas edir, həm də biznesin böyüməsi üçün lazım müddəti azaldır.